Xəbərlər

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən tədbirlər davam edir

Məlumatda bildirilir ki, göstərilən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamından irəli gələn tapşırıqların icrası ilə bağlı yaradılmış komissiyanın fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumların rəhbərliyi ilə təsis edilmiş 7 işçi qrup öz işini davam etdirmişdir.

Hesabat dövründə torpaq sahələrinin ayrılması üzrə işçi qrup tərəfindən torpaq sahələrinə yerində baxılması üçün müvafiq orqanların nümayəndələrinin iştirakı ilə günəş və külək enerjilərindən istifadə üzrə layihələrin reallaşdırılacağı "Area 60” və "Area 1” adlandırılan sahələrə səfərlər edilmiş və ərazilər üzrə müzakirələr aparılmışdır.

Məlumatda qeyd olunur ki, şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya üzrə işçi qrup tərəfindən pilot layihələrin enerji sisteminə inteqrasiyası ilə bağlı ilkin sxemlər müzakirə edilmiş, enerji sisteminin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən beynəlxalq standartlara müvafiq tələblər və şəbəkənin gücləndirilməsinə dair görüləcək işlər müəyyənləşdirilmişdir. "Masdar” şirkətinin nümayəndələri ilə "Azərenerji” ASC-nin nümayəndələri arasında keçirilmiş görüş zamanı şirkət tərəfindən "Azərenerji” ASC-yə təqdim edilmiş günəş elektrik stansiyası ilə əlaqədar birxətli sxem müzakirə olunmuş və razılığa gəlinmişdir. Hazırda "Acwa Power” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan külək layihəsi ilə əlaqədar ərazinin konfiqurasiyasının dəqiqləşdirilməsi işləri aparılır. Dəqiqləşmələr sona çatdıqdan sonra müvafiq sxem "Azərenerji” ASC-yə təqdim edilərək razılaşdırılacaq.

"Rüb ərzində hüquqi və institusional məsələlər üzrə işçi qrupun fəaliyyəti də davam etdirilmişdir. İşçi qrupun komissiyaya təqdim edilmiş rəyindən sonra əməkdaşlığa başlanmış "White & Case” şirkəti tərəfindən elektrik enerjisinin satın alınması müqaviləsi, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsi, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsi və tələb olunan digər müqavilələrin ilkin layihələri hazırlanmışdır. Bu layihələr "White & Case” şirkətinin nümayəndələri ilə baş tutacaq görüşlərdən əvvəl müzakirələrin aparılması, sənədlərlə bağlı müvafiq rəylərin formalaşdırılması, konseptual məsələlər üzrə mövqe bildirilməsi məqsədilə aidiyyəti işçi qruplara təqdim olunmuşdur. Qeyd edək ki, iqtisadi-maliyyə-kommersiya və texniki məsələlər üzrə müzakirələrin aparılması üçün "White & Case” şirkətinin cari ilin ikinci rübündə Bakıya səfəri planlaşdırılır”, - deyə məlumatda bildirilir.

Məlumatda o da nəzərə çatdırılır ki, ekoloji və sosial qiymətləndirmə ilə bağlı işçi qrup tərəfindən keçirilən müzakirələrin nəticəsi olaraq təklif edilən ərazilər üzrə sahə səfəri həyata keçirilmiş və bərpa olunan enerji mənbələrindən istifadə ilə əlaqədar pilot layihənin icrası üçün seçilmiş ərazilərə dair ekoloji və sosial qiymətləndirmə barədə rəy hazırlanaraq Energetika Nazirliyinə təqdim edilmişdir.

Rüb ərzində tikintiyə icazə və istismara qəbul ilə bağlı işçi qrup tərəfindən müzakirələr aparılmış, xarici investorların cəlbi ilə həyata keçirilən pilot layihələrin əhəmiyyətini və müvafiq sərəncamda göstərilən tarixin məhdudluğu nəzərə alınaraq, Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrinin, habelə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının iştirakı ilə nəzərdə tutulan ərazilərin Energetika Nazirliyinin balansına verilməsi və qanunvericiliklə tələb olunan razılaşdırma və təsdiq prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflərin baxılması üçün komissiyaya təqdim edilməsi qərara alınmışdır.

Nazirliyin məlumatında vurğulanır ki, cari ilin I rübündə həmçinin bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədilə atılacaq addımların və yerinə yetiriləcək tədbirlərin vaxt qrafikinə uyğun bir sıra tədbirlər həyata keçirilmişdir. Seçilmiş və prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik sahələrdə hərrac vasitəsilə investisiya qoyuluşu istiqamətində işlər də davam etdirilmişdir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə adıçəkilən hərracların layihələndirilməsi və icra edilməsi üzrə əməkdaşlıq çərçivəsində müvafiq məsləhətçi şirkət tərəfindən hazırlanmış hərrac qaydaları, alqı-satqı müqavilələrinin prinsipləri və qoşulma müqaviləsinin layihəsi baxılması üçün Energetika Nazirliyinə təqdim olunmuşdur. Hesabatda qeyd edilir ki, AYİB bərpa olunan enerji potensialına malik sahələrin birində külək ölçü-müşahidə stansiyasının quraşdırılması və ölçmələrin aparılmasında kömək göstərməyi qəbul etmişdir. Hazırda bank 12 aylıq külək ölçmə-müşahidə işlərini layihələndirəcək və həyata keçirəcək məsləhətçi şirkət cəlb edilməsi istiqamətində işlər görür.

Hesabat dövründə "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli sərəncamla Energetika Nazirliyinə verilmiş tapşırıqların icrası məqsədilə Norveçin "DNV GL Energy Advisory GmbH” şirkəti cəlb edilməklə hazırlanmış "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi razılaşdırılmaq üçün müvafiq dövlət qurumlarına təqdim olunmuşdur.

Hesabatda habelə qeyd edilir ki, Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, eləcə də günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi üçün biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsilə milli potensialın gücləndirilməsini nəzərdə tutan "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihəsi davam etdirilir və layihənin icrasının 2021-ci ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulur. Kiçik su elektrik stansiyalarının istismarı, tikintisi və layihələndirilməsi sahəsində BP və ATKİNS şirkəti ilə ötən il yaradılmış əməkdaşlıq əlaqələri və BP-nin dəstəyi ilə ATKİNS şirkəti ilə bu sahədə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr də aparılır.

Digər Xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq

Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin tarixinə nəzər salsaq, görərik ki, son nöqtəni əsasən haqlı tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda otuz ilə ya...

Ətraflı

BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var. Trend-in məlumatına görə, bunu "BP Azerbaijan" şirkətinin hüquqi məsləhətçisinin köməkçisi Kerola...

Ətraflı

Azərbaycan-Böyük Britaniya “yaşıl enerji” tərəfdaşlığının inkişafı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ilə “Bakı Enerji Həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma...

Ətraflı