Xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq

Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu məqsədlə Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə "yaşıl enerji" zonasının yaradılması üzrə müfəssəl Konsepsiya hazırlanıb, Baş Plan isə tərtib olunur. Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin, su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır. Bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidroenerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub. Artıq Zəngilan və Cəbrayıl rayonlarının ərazisində 240 meqavatlıq günəş elektrik stansiyası layihəsinin reallaşdırılması üzrə BP şirkəti ilə əldə edilmiş razılaşma digər xarici şirkətlər üçün də mühüm mesaj olmalıdır. Hazırda bu stansiyanın inşasının texniki-iqtisadi istiqamətləri və ölkə şəbəkəsinə inteqrasiyasından irəli gələn məsələlər müzakirə edilir. İllik təxminən 500 milyon kilovatsaat elektrik enerjisi istehsalını proqnozlaşdıran bu layihə üzrə torpaq sahəsinin müəyyənləşdirilməsi, topoqrafik tədqiqatlar, şəbəkəyə qoşulma imkanlarının öyrənilməsi, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində də müvafiq işlər görülür.

Bundan başqa, "yaşıl enerji" zonasının yaradılmasına töhfə verəcək digər bir layihə Laçın, yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikilməsi olacaqdır.

Həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı, yeni xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları qurulur. Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyası yenidən bərpa olunur. Artıq onlardan 7-si istifadəyə verilib. Qeyd edək ki, enerji bölgənin gələcək inkişafının əsas açarıdır, məhz buna görə də, birinci yerdə enerji təsərrüfatının qurulması dayanır. Müharibədən cəmi iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görülməsi - minaların təmizlənməsi, həyat əhəmiyyətli infrastrukturun yaradılması Azərbaycan dövlətinin gücünü, niyyətini, iradəsini göstərir. Özü də beynəlxalq təşkilatlardan və xarici dövlətlərdən yardım istəmədən Azərbaycan bütün bu quruculuq işlərini və nəhəng layihələrin icrasını təkbaşına həyata keçirir. Qarabağın və Şərqi Zəngəzurun böyük enerji potensialı imkan verəcək ki, Azərbaycan dünyanın ən etibarlı enerji istehsalçısı kimi öz mövqeyini daha da möhkəmləndirsin.

İşğaldan azad edilən torpaqlar yenidən canlanır, erməni vəhşiliyinin izləri aradan qaldırılır, yeni şəhərlər və kəndlər tikilir, özü də hər bir iş zərgər dəqiqliyi ilə, yüksək keyfiyyətlə və müasir texnologiyalarla həyata keçirilir. Dövlət başçısının qətiyyətlə və çox möhkəm inamla dediyi "Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq" sözləri gələcək uğurlardan xəbər verir.

Digər Xəbərlər

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən tədbirlər davam edir

Energetika Nazirliyi cari ilin ilk rübü üzrə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində görülən işlər barədə məlumat yaymışdır....

Ətraflı

Azərbaycan-Böyük Britaniya “yaşıl enerji” tərəfdaşlığının inkişafı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ilə “Bakı Enerji Həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma...

Ətraflı

BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var. Trend-in məlumatına görə, bunu "BP Azerbaijan" şirkətinin hüquqi məsləhətçisinin köməkçisi Kerola...

Ətraflı